Məqalədə olanlar

Prostat vəzinin böyüməsi (tibbi ədəbiyyatda: xoşxassəli prostat hipertrofiyası (BPH) 50 yaşdan yuxarı kişilərin əksəriyyətində müşahidə olunan mühüm sağlamlıq problemidir. Prosta böyüməsinin ən çox görülən simptomu sidiyə çıxmaqda çətinlikdir. Bu şikayət yaşla artmağa meyllidir. Prostat vəzinin böyüməsi ilə bağlı şikayətlər müxtəlif dərmanlar və ya cərrahi müdaxilə ilə müalicə edilə bilər.

Müxtəlif səbəblər nəticəsində prostatın həcminin artmasına prostatın böyüməsi deyilir. Yaş irəlilədikcə əksər kişilərdə prostat həcmində artım müşahidə olunur. Yaşla bağlı bu böyümə xoşxassəli prostat hiperplaziyası adlanır.

Prostat vəzi sidik kisəsi ilə penis arasında yerləşən qoz boyda orqandır. Sidik yollarının sidik kisəsi ilə cinsiyyət orqanını birləşdirən hissəsinə uretra deyilir. Uretra prostat vəzinin mərkəzindən keçir. Prostat vəzi spermanı qidalandıran və qoruyan bir maye ifraz edir. Boşalma zamanı prostat bu mayeni sidik kanalına göndərir və maye sperma ilə birləşərək sperma kimi xaric olur.

Prostatın böyüməsinə səbəb nədir?

Prostatın həcminin artmasına prostatın daxili nahiyəsində əmələ gələn müxtəlif ölçülü xoşxassəli düyünlər səbəb olur. Bu düyünlər sidik kanalına və irəli mərhələdə sidik kisəsinə təzyiq göstərərək sidiyə çıxma və boşalma funksiyalarında problemlər yarada bilər. Prostatın işləməsi üçün vacib olan xarici zona daxili zonanın həcminin artması nəticəsində daralır. Bu, prostatda funksional pozğunluqlara səbəb ola bilər. Prostat vəzinin böyüməsi adətən kifayət qədər yavaş inkişaf etdiyindən, erkən mərhələdə pasiyentlər adətən bu dəyişikliyi hiss etmirlər.

Prostat böyüməsinin əlamətləri

Simptomları böyümənin dərəcəsindən asılı olaraq dəyişir. Şikayətlər adətən 50 yaşından sonra başlayır və yaş çoxaldıqca artır. 

Əsas simptomlara aşağıdakılar daxildir:

  • Sidik ifrazının gecikməsi
  • Tez-tez sidiyə getmə ehtiyacı
  • Xüsusilə gecə tez-tez sidiyə çıxma
  • Sidik kisəsinin boşalmasının gecikməsi
  • Sidik kisəsində sidiyin qalma hissi
  • İdrar etdikdən sonra hələ də sidiyin damcılaması
  • Tez-tez sidik yollarının infeksiyaları
  • Sidik kisəsində daş əmələ gəlməsi

Bəzən simptomlar müvəqqəti olaraq yaxşılaşır. İnsanın tez-tez tualetə getmə ehtiyacı onun gecələr kifayət qədər yatmamasına, beləliklə də gün ərzində yorğun olmasına səbəb olur. Genişlənmiş prostatı olan bəzi kişilərdə tez-tez sidik yolları infeksiyaları və sidik kisəsində daşlar müşahidə olunur.

Prostat böyüməsi diaqnozu necə qoyulur?

Xoşxassəli prostat hiperplaziyası sidik problemlərinin ən çox yayılmış səbəbidir, lakin başqa mümkün səbəblər də var. Düzgün diaqnoz üçün həkim əvvəlcə xəstənin şikayətlərini dinləməlidir. Bundan əlavə, xəstənin istifadə etdiyi dərmanlar da soruşulmalıdır, çünki bəzi dərmanlar prostat böyüməsində müşahidə olunan simptomlara bənzər yan təsirlərə səbəb ola bilər. Prostat müayinəsi üçün həkim birdəfəlik istifadə olunan əlcək taxır, vəzin ölçüsünü və quruluşunu qiymətləndirmək üçün bir barmaqdan istifadə edərək prostatı rektal olaraq qiymətləndirir.

Sidik nümunəsi prostat və ya sidik yolları infeksiyasının varlığını təyin etməyə kömək edir. Hər iki infeksiya genişlənmiş prostata bənzər simptomlara səbəb ola bilər.

Prostat xərçəngini istisna etmək üçün qan testi ilə PSA (Prostat spesifik antigen) dəyəri yoxlanıla bilər. Prostat xərçəngi qanda PSA səviyyəsinin artmasına səbəb ola bilər. 

BPH şübhəsi olan xəstələrdə saniyədə nə qədər sidiyin ifraz olunduğunu yoxlamaq üçün sidik axını sürətinin ölçülür. Bu məqsədlə hazırlanmış xüsusi bir cihaz mövcuddur. Sidik kisəsi dolu ikən xəstədən cihaza sidik ifraz etməyi istənilir və ölçü götürülür. Ultrasəs müayinəsi ilə prostatın nə qədər böyüdüyünü görmək mümkündür.

Prostat böyüməsini necə müalicə etmək olar?

Bu problem çox ciddi sayılmadığı üçün tez müddətdə müalicə etmək o qədər də vacib deyil. Lakin bəzi xəstələrdə birdən-birə sidiyə çıxmaqda ciddi çətinlik yarana bilər. Bu halda tez müalicə olunmaq çox vacibdir. Belə olduqda sidik kisəsi əvvəlcə kateter qoyularaq boşaldılır. Bir neçə gündən sonra prostat vəzi əməliyyat olunur. 

Təcili olmayan hallarda, müalicəyə qərar verməzdən əvvəl müxtəlif variantların üstünlükləri və mənfi cəhətləri barədə məlumatlı olmaq vacibdir. Çünki cərrahi müdaxilə arzuolunmaz yan təsirlərə və uzunmüddətli ağırlaşmalara səbəb ola bilər. 

Müalicə növü

  • Simptomların şiddətinə
  • Tez-tez baş verən sidik yollarının infeksiyalarına
  • Müalicənin müsbət və mənfi cəhətlərinə görə müəyyən edilir.

Müalicə seçimlərinə aşağıdakılar daxildir:

Nəzarət: Yüngül şikayətləri olan və heç bir ağırlaşması olmayan xəstələrin ildə bir dəfə həkimə müraciət etməsi kifayətdir. Bu xəstələrə həkim həyat tərzini dəyişməyi tövsiyə edir və başqa müalicələrə ehtiyac olub-olmadığını müəyyənləşdirir. 

Bitki mənşəli dərmanlar: BPH simptomlarını aradan qaldırmaq üçün resept tələbi olmayan müxtəlif bitki mənşəli dərmanlar mövcuddur. Lakin onların əksəriyyəti ilə bağlı heç bir araşdırma aparılmayıb. Bitki mənşəli dərmanların faydası və ya əks təsiri məlum olmadığından istifadə etmək tövsiyə edilmir.

Tibbi dərmanlar: Təyin edilmiş dərmanlar prostat və sidik kisəsi əzələlərini rahatlaşdırır. Beləliklə, sidik ifrazını asanlaşdırır.

Prostatın ölçüsünü azaltmaq üçün əməliyyatlar: Prostat toxumasını çıxarmaq və ya məhv etmək üçün müxtəlif cərrahi üsullarından istifadə edilə bilər. Əgər təkrarlanan sidik yolları infeksiyaları və dərmanlarla aradan qaldırıla bilməyən ağır simptomlar varsa, bu halda cərrahi üsula müraciət edilir.

Paylaşmaq :