Radikal Prostatektomiya (prostat xərçəngi əməliyyatı)

Məqalədə olanlar

Radikal prostatektomiya nədir və kimlərə edilir?

Radikal prostatektomiya əməliyyatı prostat xərçənginin metastaz etmədiyi, yəni prostat qişasından kənara çıxmadığı xəstələrdə aparılır. Radikal prostat əməliyyatı zamanı bütün prostat vəzi, seminal vəzilər, toxum kanallarının bir hissəsi və prostatın limfa vəziləri çıxarılır.

Radikal prostatektomiya əməliyyatı üçün ən uyğun xəstə qrupu Mərhələ 1 və Mərhələ 2 xəstələrdir. Bununla yanaşı, əməliyyat olacaq xəstələrin ən azı 10 illik yaşam müddəti olacaq şəkildə ümumi sağlamlıq vəziyyətlərinin uyğun olması lazımdır.

Radikal Prostatektomiya (prostat xərçəngi əməliyyatı)

Radikal prostatektomiyaya alternativ müalicələr nələrdir?

Metastaz etməmiş və orqana məhdud prostat xərçəngi olan xəstələrdə bu gün qızıl standart, yəni ən yaxşı müalicə radikal prostatektomiya əməliyyatıdır. Bəzən xəstələr sağlamlıq vəziyyətləri səbəbindən bu əməliyyatı qaldıra bilmirlər və ya istəmirlər. Bu halda xəstələrə alternativ müalicələr təklif etmək lazımdır.

Prostat xərçəngi əməliyyatına alternativ üsul radioterapiyadır. Uyğun xəstələrdə və təcrübəli mərkəzlərdə radioterapiya ilə müsbət nəticələr almaq mümkündür.

Həmçinin fokal müalicə deyilən və birbaşa xərçəngi məhv etməyə yönəlmiş alternativ müalicələr də əməliyyatı istəməyən və ya əməliyyatı qaldıra bilməyəcək xəstələrə tətbiq edilə bilər.

Prostat xərçəngi əməliyyat üsulları nələrdir?

Prostat xərçəngi əvvəllər açıq cərrahi üsulu ilə aparılan bir əməliyyat idi. Bu gün də açıq əməliyyat hələ də aparılır və uğur nisbətləri olduqca yüksəkdir. Lakin son illərdə texnologiyanın inkişafı ilə prostat xərçəngində də inkişaflar olmuşdur.

Cərrahi olaraq aparılan prosedur bütün üsullarda eynidir. Prostat xərçəngi əməliyyat üsulları bunlardır:

  • Açıq cərrahi üsul (açıq radikal prostatektomiya)
  • Laparoskopik cərrahi üsulu (laparoskopik radikal prostatektomiya)
  • Robotik cərrahi üsul (robotik radikal prostatektomiya)

Robotik və laparoskopik cərrahiyyənin üstünlükləri nələrdir?

Açıq cərrahi üsulla aparılan radikal prostatektomiya əməliyyatına görə laparoskopik və robotik cərrahiyyənin bəzi üstünlükləri vardır. Bunları bu şəkildə sıralaya bilərik:

  • Qanaxma daha az olur
  • Xəstəxanada yatış müddəti daha azdır
  • Sidik qaçırma nisbəti daha azdır
  • Erektil disfunksiya (iktidar pozğunluğu) inkişafı daha aşağıdır
  • Xəstələr gündəlik işlərinə daha tez qayıdırlar
  • Əməliyyatdan sonrakı ağrı daha azdır
  • Yara izi daha kiçikdir

Sinir qoruyucu və sidik kisəsi boynu qoruyucu radikal prostatektomiya nə deməkdir?

Prostat, sidik kisəsinin dərhal altında yerləşən bir orqandır. Prostatın arxa və yan tərəflərindən penisə gedən damar və sinirlər keçir. Prostat xərçəngi əməliyyatlarında penisin damar və sinirlərinin qorunması çox önəmlidir.

Əgər sinir qorunmaz və əməliyyat zamanı zədələnmə inkişaf edərsə, erektil disfunksiya (ED, cinsi zəiflik, sərtləşmə problemi) ortaya çıxır. Əməliyyat zamanı hər iki tərəfdəki sinirin də qorunması lazımdır.

Bu əməliyyata “sinir qoruyucu radikal prostatektomiya əməliyyatı” deyilir. Açıq, robotik və laparoskopik əməliyyatların hamısında da sinirlərin qorunmasına diqqət yetirilməlidir.

Xüsusilə xəstələr gənc və ereksiyaları normaldırsa, bu şəxslərə daha da diqqət yetirilərək sinirlər qorunmalıdır.

Radikal prostatektomiya əməliyyatı zamanı diqqət edilməsi lazım olan önəmli bir məsələ də sidik kisəsi boynunun qorunmasıdır.

Sidik kisəsi boynunun qorunması həm əməliyyatdan sonra sidik qaçırmanın qarşısını almaqda, həm də sidik kisəsi boynu daralmasının inkişafını önləməkdə çox önəmlidir. Biz əməliyyatlarımız zamanı bu vəziyyətə diqqət yetiririk.

Metastatik prostat xərçəngində radikal prostatektomiya edilirmi?

Metastatik, yəni prostat qişasını keçərək bədənə yayılmış prostat xərçənglərində radikal prostatektomiya əməliyyatı aparılmır. Bu xəstələr radikal prostatektomiya mərhələsini keçmişdir. Müalicədə bu xəstələrə hormon müalicəsi və kimyaterapiya tətbiq edilir.

Əgər metastatik prostat xərçəngli xəstələrdə sidik ifrazı çətinliyi, sidik ifraz edə bilməmə kimi problemlər varsa, bu vəziyyətin müalicə edilməsi lazımdır. Belə xəstələrə endoskopik, yəni qapalı üsullarla prostat əməliyyatı aparılır.

Bu məqsədlə TUR-Prostat əməliyyatı HOLEP lazerlə prostat əməliyyatları geniş istifadə edilir. Biz bu vəziyyətdəki xəstələrimizə HOLEP əməliyyatı aparırıq. HOLEP əməliyyatı lazerlə aparılan bir əməliyyatdır və TUR-P əməliyyatına görə bir çox üstünlükləri vardır.

Radikal prostatektomiya aparıla bilməyən və sidik ifraz edə bilmədiyi üçün endoskopik prostat əməliyyatı aparılmasına palliativ əməliyyatlar deyilir.

Bu əməliyyatlardakı məqsəd xərçəngi aradan qaldırmaq deyil, xəstələri rahatlatmaq və sidik ifraz etmələrini təmin etməkdir.

Gələcəkdə bu xəstələrə yenidən TUR və ya HOLEP lazım ola bilər, çünki xərçəng tamamilə aradan qaldırılmadığından təkrarlama ola bilər.

Radikal prostatektomiyadan sonra penil reabilitasiya

Radikal prostatektomiyadan sonra ən əhəmiyyətli problemlərdən biri xəstələrdə erektil disfunksiya (impotensiya) yaranmasıdır.

Gənc və ereksiyası normal olan xəstələrdə penis sinirlərinin əməliyyat zamanı zədələnməməsinə diqqət yetirilir. Lakin bəzi hallarda xərçəng siniri də tutarsa, bu halda sinir qorunmur və ereksiya problemləri yaranır. Mümkün olduqda sinirləri iki tərəfli olaraq qorumaq çox əhəmiyyətlidir.

Əməliyyatdan sonra xəstələrdə ereksiyanın normala qayıtması uzun müddət ala bilər. Bir neçə ay çəkə biləcəyi kimi bəzən 1-2 il də davam edə bilər.

Bu dövrdə xəstələrə dəstək məqsədilə penil reabilitasiya proqramı tətbiq edilir. Penil reabilitasiya sinir qoruyucu prostat xərçəngi əməliyyatından sonra ereksiyanın davam etməsi üçün tətbiq edilən ümumi müalicələri əhatə edir.