TUR sidik kisəsi əməliyyatı erkən mərhələ sidik kisəsi xərçəngində həm diaqnoz qoymaq, həm də səthi sidik kisəsi xərçəngini müalicə etmək məqsədilə aparılan cərrahi əməliyyatdır.
Ultrasonoqrafiya və ya sistoskopiya (endoskopiya) zamanı sidik kisəsində şübhəli bir sahə və ya kütlə aşkar edildikdə, bu kütləni/sahəni TUR-T adlandırdığımız prosedur ilə kəsib patoloji müayinəyə göndəririk.
Əgər bu kütlə sidik kisəsində çox geniş sahəni əhatə etmirsə, adətən kütlənin hamısı kəsilir və əsası təmizlənir. Beləliklə, həm kütlənin şiş olub-olmadığını müəyyən edirik, həm də bu kütlə səthi xərçəngdirsə, müalicəsini etmiş oluruq.
Sidik kisəsi xərçəngi və müalicəsi
Sidik kisəsi xərçəngi kişilərdə qadınlara nisbətən 4 dəfə daha çox rast gəlinir. Bu vəziyyət kişilərdə ağır siqaret çəkmə nisbətinin daha yüksək olması və kimyəvi maddələrə işçi olaraq məruz qalmanın kişilərdə daha çox olması ilə izah edilir.
Sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş 5 xəstədən 4-ündə xərçəng erkən mərhələdə aşkar edilir. Erkən mərhələdəki sidik kisəsi xərçəngləri “səthi sidik kisəsi xərçəngi” və ya “əzələyə invaziya etməmiş sidik kisəsi xərçəngi” olaraq da adlandırılır.
Erkən mərhələdəki (səthi) sidik kisəsi xərçənglərində adətən bədənin başqa yerlərinə metastaz müşahidə edilmir.
Səthi sidik kisəsi xərçənglərinin müalicəsi TUR-T sidik kisəsi əməliyyatıdır. Sidik kisəsi xərçəngləri təkrarlana bilər. Bu təkrarlanmalar səthi formada olduğu, yəni əzələ qatına invaziya etmədiyi müddətcə təkrarlanan TUR-T əməliyyatları ilə xərçəngin müalicəsi aparılır.
TUR sidik kisəsi əməliyyatından əvvəl
Normal olaraq əməliyyatdan 6 saat əvvəl maye qəbulunu və yemək yeməyi kəsmək lazımdır. Əgər əməliyyatınız səhər saatlarında olacaqsa, əməliyyatdan əvvəlki gecə saat 12-dən sonra yemək-içməyi dayandırın.
Əgər əməliyyatınız günortadan sonradırsa, səhər saat 06:00 kimi yüngül səhər yeməyi yeyib, ondan sonra yemək-içməyi kəsə bilərsiniz.
Əgər təzyiq dərmanı kimi müntəzəm istifadə etdiyiniz dərmanlar varsa, bir-iki qurtum su ilə dərmanınızı qəbul edə bilərsiniz. Əməliyyatdan əvvəl hansı dərmanın istifadə edilməsi lazım olduğunu həkiminizlə danışıb təşkil edin.
Qanı durulaşdıran dərmanların qəbulu adətən TUR-T sidik kisəsi əməliyyatından 5-7 gün əvvəl kəsilir. Kəsilən dərmanların yerinə qısa təsirli qan durulaşdırıcı iynələrin vurulub-vurulmamasına kardioloqunuz qərar verir.
TUR əməliyyatı necə həyata keçirilir?
Adətən bu əməliyyat ümumi anesteziya altında, yəni sizi yatırdaraq aparılır. Bəzən xəstələr və ya həkimlər beldən keyləşdirməklə regional anesteziyanı (spinal anesteziya) seçə bilərlər. Bu halda xəstə oyaq olur, lakin heç nə hiss etmir.
Sidik kisəsinin yan divar şişlərinin müalicəsində ümumi anesteziyanın verilməsi xəstədə obturator reflekslərə bağlı sidik kisəsi zədələnməsi ehtimalını azaldır.
Uroloq mütəxəssisiniz rezektoskop adlanan xüsusi bir cihazla sidik kanalınızdan daxil olaraq sidik kisəsinə çatır. Rezektoskop adlanan alət sərt, düz və təxminən 1 sm qalınlığında bir alətdir.
TUR-T proseduru sidik kanalından daxil olaraq həyata keçirildiyi üçün əməliyyatı aparmaq üçün əlavə kəsiyə ehtiyac yoxdur, yəni endoskopik bir əməliyyatdır.
TUR-T əməliyyatının ağırlaşmaları (Komplikasiyaları) nələrdir?
TUR sidik kisəsi əməliyyatı texniki cəhətdən çox çətin olmayan, adətən təhlükəsiz bir prosedurdur. Buna baxmayaraq, hər əməliyyatda olduğu kimi, əməliyyat zamanı və ya sonrasında yaşana biləcək bəzi risklər vardır.
Əməliyyatı aparacaq uroloq mütəxəssisin bu sahədə təcrübəli olması və istifadə edilən alətlərin problemsiz işləməsi, prosedurun bipolar enerji və ya lazer ilə aparılması əməliyyat zamanı yarana biləcək ağırlaşma riskini minimuma endirir.
TUR-T əməliyyatlarında:
- Anesteziyaya bağlı ağırlaşmalar
- Sidik yolları infeksiyası
- Uzun müddətli sidik kisəsi qanaması
- Sidik kisəsinin cırılması və ya deşilməsi
- Sidik yollarında (uretra) daralma əmələ gəlməsi
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.