Prostat adenoması
Prostat nədir? Xoşxassəli prostat böyüməsi nədir?
Prostatın böyümə səbəbi nədir?
Prostat böyüməsinin qarşısını almaq üçün nə etməliyik ?
Prostat böyüməsinin simptomları nələrdir ?
Prostat adenoması diaqnozu necə qoyulur?
Xoşxassəli prostat böyüməsinin müalicəsi necədir?
Prostat adenomunda həyat tərzi dəyişiklikləri hansılardır?
Prostat böyüməsində hansı dərman müalicəsindən istifadə edilir?
Prostat böyüməsinin bitki tərkibli dərmanlarla müalicəsi varmı?
Prostat böyüməsində hansı xəstələr əməliyyat olunmalıdır?
Prostat adenomu əməliyyatı necə icra olunur?
Prostat adenomu əməliyyatı (TUR Prostat və digərləri ) cinsi zəifliyə səbəb ola bilərmi ?
Prostat adenomu əməliyyatı olunan xəstə normal yolla övlad sahibi ola bilərmi?
Prostat böyüməsi olan xəstələr əməliyyat olunduqdan sonra prostat xərçəngi əmələ gələ bilərmi ?
Prostat nədir? Xoşxassəli prostat böyüməsi nədir?
Prostat sidik kisəsinin alt hissəsində yerləşən təxminən 18-20 gr ağırlığında, təqribən qoz böyüklüyündə olan bir vəzidir. Əsas funksiyası spermin sürüşməsini əmələ gətirən maye ifraz etməsidir. Orqazm zamanı xaric olan mayenin təqribən 10-20 % – ini əmələ gətirir. Prostat vəzi içərisindən sidik kanalının keçdiyi və xayalardan sperm gətirən boruların (vas dəfərəns) açıldığı bir orqandır.
Yaşlanma ilə kişilərin çoxunda böyüyən prostat normal ölçüləri keçdiyi zaman hamıda bənzər olaraq böyüməz. Bəzi kişilərdə prostat sidik kanalına doğru böyüyərkən, bəzilərində isə sidik kisəsinə tərəf böyüməkdədir. Bu tip böyümələrdə ultrasəs muayinəsində prostat az böyümüş olaraq görülsə də xəstədə ciddi şikayətlərə səbəb ola bilər. Prostatın çölə doğru böyüməsində isə muayinədə çox böyük prostat olmasına baxmayaraq simptom vərməyə bilər.
Prostatın böyümə səbəbi nədir?
Prostat vəzi kişilərdə 30 yaşından etibarən yavaş yavaş böyüməyə başlayar və ömrünün sonuna qədər davam edər. 50 yaşında olan kişilərin yarısında prostat böyüməsi görülərkən, 60 yaşında 65 %, 80 yaşında isə 90% – dən çoxunda görülür. Bu xəstələrin əksəriyyəti dərman müalicəsi və ya əməliyyat ilə təqib edilir.
Prostat böyüməsinin səbəbi tam olaraq aydınlaşdırıla bilməsə də, kişilik hormonu adlanan təstostəronun və östrojənin böyüməsində ciddi rolü olduğu düşünülür.
Prostat böyüməsinin qarşısını almaq üçün nə etməliyik ?
Prostat normalda yaşla birlikdə böyüyən bir orqan olduğu üçün yaşlanmanın qarşısını almaq mümkün olmadığı kimi prostat vəzisinin də böyüməsinin qarşısını almaq olmur. Amma bu ehtimalı azaltmaq və gecikdirmək üçün bəzi məsləhətlərimiz olacaqdır.
Qırmızı ət, yağ, şəkərli qidalar ilə bəslənmək prostat böyüməsi ehtimalını artırarkən, meyvə və tərəvəzin çox tükətilməsi, doymamış yağ, linoleik turşusu, D vitamini və hər gün düzgün idman etmək riski azaldır.
Prostat böyüməsinin simptomları nələrdir ?
Prostat illər ərzində yavaş yavaş böyüyüb içindən keçən sidik kanalını sıxır. Sidiyə getməyi əmələ gətirən orqan sidik kisəsidir. Sidik zamanı sidik kisəsinin əzələləri sıxılır və sidiyi vücuddan xaric edir. Prostat kanalı sıxdığı zaman sidik kisəsi maneə ilə qarşılaşır və buna cavab olaraq əzələlərini daha güçlü sıxmağa çalışır. Bu zamana sidik kisəsi genişləyir. Bu mərhələlərdə kişinin şikayəti olmaya bilər və ya sidik kisəsinin artmış aktivliyinə bağlı olaraq tez-tez sidiyə çıxma, gecə sidiyə qalxma, urgency olaraq adlanan bir anda sidiyə getmə ehtiyacı olması, hətta çatdıra bilmədən sidik qaçırtma kimi şikayətlər görülə bilər. Zaman keçdikcə prostat böyüməyə və kanalı sıxmağa davam edər. Bir müddət sonra sidik kisəsinin əzələləri yorulmağa başlayar və kəsik – kəsik sidiyə çıxma, damcılama, sidiyə çıxdıqdan sonra yenə də sidik qalması (qalıq sidik) hissi ortaya çıxar. Müalicə vəya əməliyyat olunmayan xəstələrdə sidik kisəsi əzələləri zamanla əriyər (atrofi olar) və sidik kisəsində qalan yüksək sidik miqdarı səbəbiylə artan sidik kisəsi təzyiqi böyrəklərə zərər verməyə başlayar. Bu mərhələdən sonra olunan müalicə və ya əməliyyatdan istənilən qədər fayda görülməz , sidik kisəsi və böyrəyin itirilən funksiyaları bərpa olunmaz.
Simptomlar qısaca :
- Sidiyin təzyiqinin azalması
- Sidiyə başlamada gecikmə
- Tez tez sidiyə çıxma (xüsusilə gecələri)
- Qalıq sidik hissi
- Kəsik-kəsik sidiyə çıxma
- Damcı-damcı sidiyə çıxma
- Sidiyin sonunda damcılama
- Tez tez sidik yolu infeksiyası keçirtmə
- Sidik kisəsində daş əmələ gəlməsi
- Heç sidiyə çıxa bilməmə
Prostat adenoması diaqnozu necə qoyulur?
Kişilərdə sidik problemlərinin ən çox görülən səbəbi prostat böyüməsidir. Amma digər səbəblər də (sidik kisəsinin aktivliyinin artması, sidik kanalı darlığı, istifadə olunan dərmanlar və s. ) bənzər simptomlara səbəb ola bilər.
- Düzgün diaqnoz üçün şikayətlərin düzgün dəyərləndirilməsi, düzgün anamnez və fiziki muayinə çox əhəmiyyətlidir. Prostat muayinəsində əlcək geyilərək anal hissədən prostat muayinə edilir. Vəzinin ölçüsü, şəkli hamarlığı, sərt olub olmadığı və s. incələnir.
- Sidiyin Ümumi analizi : Prostat vəya sidik yolu infeksiyasının, sidik qanamasının varlığı haqqında məlumat verir. Hər iki infeksiya da böyümüş prostat ilə bənzər simptomlara səbəb ola bilər. Bunlardan başqa, əlavə xəstəliklərin də sidikdə olan dəyişiklikləri haqqında məlumat əldə edilir.
- PSA (Prostat Spesifik Antijen) analizi : Xəstədə eyni zamanda Prostat xərçəngi olub olmadığını araşdırmaq üçün baxılmalıdır. PSA sadəcə prostat xərçəngində yox, prostatitlərdə, sistoskopiya və transrektal ultrasəs muayinəsi sonrası və s. səbəblərlə də arta bilər.
- Ultrasəs Muayinə: Ultrasəs muayinə zamanı prostatın ölçüləri, sidik kisəsində qalıq sidik varlığı, sidik kisəsində daş əmələ gəlib gəlmədiyinə baxılır. Qalıq sidik miqdarının yüksək olduğu xəstələrdə böyrəklərin zərər görməsi və genişlənməsi haqqında məlumat əldə edilir.
- Urofloumetriya: Prostat böyüməsindən şübhələnilən xəstələrdə saniyədə atılan sidik miqdarını ölçmək üçün sidik axımının sürəti hesablanır. Bu cihaz xüsusilə sidik şikayətləri olan xəstələr üçün istifadə olunur. Sidik kisəsi dolu olduğu zaman xəstədən cihaz üzərinə sidiyə getməsi istənilir və ölçümlər hesablanır.
- İPSS (İnternational Prostate Semptom Score) anketi : Xəstələrin 1’dən 5’ə qədər olan xal verərək cavablandırmalı olduğu 7 sualdan ibarət anketdir. Xəstələrin şikayətləri və xəstəliyin dərəcəsi daha obyektiv olaraq qiymətləndirilir.
Xoşxassəli prostat böyüməsinin müalicəsi necədir?
Prostat adenoması olan xəstələrdə çox zaman təcili muayinə və müdaxiləyə ehtiyac olmur. Bununla yanaşı bəzi xəstələrdə sidiyə çıxmada ciddi çətinlik və ya heç sidiyə çıxa bilməmə halı olur. Bu təcili bir vəziyyətdir və təcili şəkildə müdaxilə olunması çox əhəmiyyətlidir. Xəstələrə ilk olaraq kateter taxılır və sidik kisəsi boşaldılır, sonra uyğun zamanda prostat vəzisi götürülür. Təqribən prostat adenoması olan xəstələrin 1-3% -ində görülür.
Xoşxassəli prostat böyüməsi xəstənin həyat tərzi dəyişiklikləri ilə nəzarətdə saxlama, dərman müalicəsi və cərrahi müdaxilələr ilə müalicə edilir. Prostat normalda yaşla birlikdə böyüyən bir orqan olduğu üçün yaşlanmanın qarşısını almaq mümkün olmadığı kimi prostat vəzisinin də böyüməsinin qarşısını almaq olmur. Ancaq bu müddətdə xəstənin şikayətlərini minimuma endirmək və həyat keyfiyyətini artırmaq üçün müalicələr başlanılır.
Müalicə olaraq təcili olaraq əməliyyat məsləhət görülmür. Şikayətlərə və onların şiddətinə uyğun olaraq müalicə metodu seçilir. Çox zaman ilkin olaraq həyat tərzində dəyişikliklər məsləhət görülür. İkinci mərhələ olaraq dərman müalicəsi başlanılır.
Prostat adenomunda həyat tərzi dəyişiklikləri hansılardır?
Həyat tərzində olan dəyişikliklərə ilkin olaraq spirtli içkilər və kafein tərkibli mayeləri, sidik kisəsini qıcıqlandıran bibər, istiot və digər ədviyyatlar, qazlı və rəngli suları azaltmaqla başlanılır. Xəstənin şikayətlərinə görə sidiyə təsir edən digər dərmanlarına (sidik qovucular və s. ) yenidən baxılır və düzəldilir. Qəbizlik olan xəstələrdə mümkün olduğu qədər dietası düzəldilərək və ya dərman müalicəsi ilə qəbizlik aradan qaldırılmalıdır.
Prostat böyüməsində hansı dərman müalicəsindən istifadə edilir?
Hal hazırda ən çox istifadə olunan dərman alfa blokör qrupu olaraq adlanan dərmanlardır. Prostatın kanalı sıxmasını azaldaraq simptomları ən qısa zamanda azaldırlar. Yeni dərmanların yan təsiri nadirdir. Xəstənin şikayətləri sidik kisəsinin qıcıqlanmasına bağlıdırsa əgər antikolinerjik qrupu dərmanlar (son illərdə beta3 aqonisti dərmanlar da ) istifadə olunur. Prostat böyüklüyü 40 gramdan daha çoxdursa 5 alfa reduktaz inhibitorları olan dərmanlardan istifadə oluna bilər. Bu dərmanın təsiri 6-9 ay sonra başlamaqdadır və cinsi fəaliyyətə olan yan təsirləri səbəbiylə çox yaşlı xəstələrdə məsləhət görülür. Son illərdə erəksiya (sərtləşmə) üçün istifadə olunan fosfodiesteraz- 5 inhibitoru qrupu dərmanların da sidiyə çıxmaya yaxşı təsir etdiyi göstərilmişdir.
Prostat böyüməsinin bitki tərkibli dərmanlarla müalicəsi varmı?
Xoşxassəli prostat böyüməsinin simptomlarını azaltmaq üçün istehsal olunan və reseptsiz satılan bəzi bitki tərkibli dərmanlar vardır. Ancaq bu dərmanlar haqqında elmi tədqiqatlar yoxdur. Bitki tərkibli dərmanların hər hansı bir faydası olub olmadığı bilinmir və daha da əhəmiyyətlisi yan təsirləri haqqında heç bir elmi araşdırma – məlumat yoxdur. Buna görə də istifadəsi məsləhət deyildir.
Prostat böyüməsində hansı xəstələr əməliyyat olunmalıdır?
Cərrahiyə üçün mütləq göstərişlər :
- Təkrarlayan vəya həmişə olan sidiyə çıxa bilməmə halı
- Təkrarlayan sidik yolu infeksiyası
- 5 alfa reduktaz inh. müalicəsinə baxmayaraq təkrarlayan və ya davam edən sidikdə qanama olması
- Sidik kisəsində daş əmələ gəlməsi
- Prostat böyüməsinə bağlı olaraq böyrək çatışmamazlığı olması
Qalıq sidik olması və ya orta-yüksək şiddətli prostat adenomu simptomları olması əməliyyat üçün mütləq göstəriş olmasa da həm xəstəni olacaq fəsadlardan qorumaq üçün, həm də həyat kəyfiyyətini artırmaq üçün məsləhətdir.
Prostat adenomu əməliyyatı necə icra olunur?
Prostat böyüməsi əməliyyatlarını iki ana başlıq altında toplaya bilərik. Birincisi sidik kanalından girilərək icra olunanlar, digəri isə qarından girələrək icra olunanlardır.
Sidik kanalından girilərək icra olunanlar :
- TUR – Prostat əməliyyatı ( TUR-P ) : ən bilinən və ən çox istifadə olunan metoddur. Prostat adenomu əməliyyatlarında qızıl standartdır. Bipolar, plazmakinetik və monopolar olaraq fərqli cihazlardan istifadə edilərək icra oluna bilər. Üç cihazın da əməliyyat başarısı bənzərdir. Bu əməliyyat sonrasında xəstənin sidik sürəti 100% -dən çox artmaqdadır.
TURP əməliyyatı tamamilə kəsiksiz olaraq icra olunur. Sidik kanalından girilərək prostat keçilir və sidik kisəsinə qədər çıxılır. Sidik kisəsinə ( bəzən təsadüfi olaraq sidik kisəsində xərçəng görülə bilər. Eyni səansda xərçəng də götürülməlidir ) və sidik axarlarının yerləşiminə də baxılaraq ardından prostat kiçik parçalara bölünərək çıxarılır. Əməliyyat zamanı və sonrasında qanaxma ehtimalı çox azdır. Xəstə 1-3 gün sonra evə yazılır.
- Greenlight və ya diod lazer : Bu metodlarda da sidik kanalından girilərək lazer vasitəsi ilə prostat vəzisi buxarlaşdırılır. Qızıl standart deyil, qanaxma ehtimalı olan xəstələrdə (qan durulaşdırıcı dərmanları mütləq istifadə etməli olan xəstələr, və s.) məsləhət görülür.
- HoLEP : Holmium lazer ilə icra olunur. Sidik kanalından girilərək prostat vəzisi kapsulundan soyulur ( Portağal qabığından soyularmış kimi ).
Qarından girilərək icra olunan əməliyyatlar isə açıq prostatektomiya, laparoskopik bəsit prostatektomiya, vəya robot yardımlı laparoskopik bəsit prostatektomiyadır. Bu əməliyyatlarda sidik kisəsi də kəsildiyi, qanama ehtimalı artdığı və xəstə konforu azaldığı üçün nadirən istifadə edilir.
Prostat adenomu əməliyyatı (TUR Prostat və digərləri ) cinsi zəifliyə səbəb ola bilərmi ?
Əməliyyat öncəsi cinsi fəaliyyəti normal olan xəstələrə təcrübəli uroloqlar tərəfindən modern əməliyyatlar icra olunarsa (Plazmakinetik, bipolar TURP, HoLEP və s. ) əməliyyatın başarısı 98-99% olmaqla birlikdə cinsi zəifliyə səbəb olmaz. Prostat əməliyyatı olunmuş xəstələrdə orqazm zamanı çölə çıxan maye miqdarı azalır. Çünki prostat vəzisi qaşınaraq götürüldüyü üçün bu mayenin bir hissəsi sidik kisəsinə, bir hissəsi isə penisdən çölə xaric olunur. Sidik kisəsinə gedən maye sidiyə çıxıldığı zaman tamamilə xaric olunur.
Prostat adenomu əməliyyatı olunan xəstə normal yolla övlad sahibi ola bilərmi?
Prostat böyüməsi səbəbiylə əməliyyat olan kişilərdə boşalma sırasında mayenin bir hissəsi vəya hamısı sidik kisəsinə qaçır. Bu səbəblə normal yoldan övlad sahibi olmaq ehtimalları azalır. Bu əməliyyat olunmuş xəstələr övlad sahibi olmaq istədiklərində süni mayalanmaya ehtiyac olmadan, aşılama ilə rahatlıqla hamiləlik ola bilər.
Prostat böyüməsi olan xəstələr əməliyyat olunduqdan sonra prostat xərçəngi əmələ gələ bilərmi ?
Prostat adenomu əməliyyatı zamanı prostatın kapsulu çıxarılmır (Portağal misalında olduğu kimi : portağalın iç hissəsi götürülür, qabıq hissəsi çıxarılmır. Prostat xərçəngi əməliyyatlarında həm qabıq həm də iç hissəsi götürülür ). Bu səbəblə normal populyasiyada olduğu kimi prostat adenomu olan xəstələrdə də prostat xərçəngi illər ərzində əmələ gələ bilər. Bu xəstələr də PSA təqiblərinə və illik barmaqla prostat muayinəsinə davam etməlidirlər.
