Böyrək daşı müalicəsi zamanı ən əhəmiyyətli faktor sadəcə əməliyyat etmək deyil. Eyni zamanda bu xəstəliyin təkrarlanmasının qarşısını almaqdır.
Böyrək daşı xəstəliyi tez təkrarlanan xəstəlikdir və xəstələrin böyük əksəriyyətində də 20 il ərzində yenidən daş yararnmasını görürük.
Böyrək daşı necə müalicə edilir?
Əvvəlcə daşın böyrəkdən və/və ya sidik kanalından təmizlənməsi lazımdır. Daha sonra daşın əmələ gəlmə səbəbləri araşdırılır və təkrar yaranmasının qarşısını almaq məqsəd qoyulur.
Böyrək daşı müalicəsində xüsusilə sidik kanalına düşən 5 mm-dən kiçik daşlar üçün medikal, yəni dərmanlarla müalicə üstünlük təşkil edir.
Bu məqsədlə daşın daha rahat düşməsi üçün sidik kanallarını genişləndirəcək bir sıra dərmanlarla yanaşı, ağrı və infeksiyanın qarşısını almaq məqsədilə ağrıkəsicilər və antibiotiklər verilir və xəstənin bol su içərək daşı salması gözlənilir.
Daş bu müalicəyə baxmayaraq düşməzsə və ya daha böyük ölçülü daş mövcuddursa, bədəndənkənar şok dalğaları ilə daşı qırmaq (ESWL) və ya əməliyyatla daşın çıxarılması mövcuddur.
Böyrək daşı əməliyyatı necə aparılır?
Daş əməliyyatları müasir texnologiya ilə tamamilə qapalı şəkildə (endoskopik) aparılmağa başlanmışdır.
Böyrək daşı cərrahiyyəsində üsul seçimi tamamilə daşın ölçüsü, daşın yerləşmə yeri (böyrək içərisində və ya sidik kanalı içərisində) və daşın tıxanma yaradıb-yaratmamasına görə planlaşdırılır.
Böyrək daşı əməliyyatlarında endoskopik müalicə üsulları olaraq:
- Sərt ureteroskopiya (URS)
- Fleksibl ureteroskopiya (Fleksibl URS)
- Perkutan nefrolitotomiya (PNL) üsulları mövcuddur.
Sərt ureteroskopiya (URS): Bu üsulda sidik çıxış dəliyindən nazik bir kamera vasitəsilə sidik kisəsinə və oradan da sidik kanalına (ureter) daxil olunaraq daşın qırılması əsasına əsaslanır.
Xəstənin bədəninə əlavə bir dəlik açılmadan həyata keçirilir. URS ilə yalnız sidik kanalında (ureter) yerləşmiş daş, daralma və ya şiş müşahidə edilir və lazer ilə müalicə edilə bilər. Böyrəklərdə yerləşən daşlara müdaxilə edilə bilməz.
Fleksibl ureteroskopiya (Fleksibl URS): Texniki olaraq URS ilə eynidir. Yəni bu üsulda da bədənə əlavə bir dəlik açılmadan sidik çıxış dəliyindən olduqca nazik və hər istiqamətə əyilə bilən bir kamera sistemi ilə sidik kisəsinə, oradan da böyrəklərin içərisinə qədər gedilə bilər.
Böyrəyin içərisindəki bütün bölmələrə çatmaq və buralarda yerləşən daşları lazer ilə qırmaq və tamamilə təmizləmək bu üsulla mümkündür.
Perkutan nefrolitotomiya (PNL): Bu üsulla bel bölgəsindən dəri üzərinə kiçik bir dəlik açılaraq bu dəlik içərisindən böyrəyə çatılır. Böyrək içərisinə xüsusi nazik alətlərlə girilərək daş və daşlar qırılıb xaricə çıxarılır.
Bu üsulun tətbiq edilə bilməsi üçün daşın böyrək içərisində 2 sm-dən böyük olması lazımdır. Böyük bir kəsik olmadığı üçün əməliyyatdan sonra daha az ağrı hiss edərlər və kosmetik baxımdan narahat edən bir görünüş yaranmaz.
Bu gün açıq böyrək daşı əməliyyatlarının yerini almış olan PNL üsulu ilə sağalma prosesi olduqca qısadır. Əməliyyatdan sonra böyrəyə giriş edilən dəlikdən sağalma prosesini sürətləndirmək məqsədilə nazik bir zond (nefrostomiya) yerləşdirilir. Bu zond əməliyyatdan 1-2 gün sonra asanlıqla çəkilib çıxarılır. PNL ilə daşlar tamamilə təmizlənir və orta hesabla 2 gündə xəstə evə buraxılır.
Bir daha daş yaranmaması üçün nə etməliyəm?
Tez-tez daş düşürmə tarixçəsi olan xəstələrdə, xüsusilə uşaqlıq dövründə daş xəstəliyi başlayan xəstələrdə əməliyyatdan 1 ay sonra metabolik daş qiymətləndirilməsi aparılmalıdır. Bu qiymətləndirmə xəstəxanamızın daş poliklinikasında aparılır.
Metabolik daş qiymətləndirilməsində:
- Əməliyyatla çıxarılan və ya özbaşına düşən kiçik daş parçalarının analizi aparılır (daşın növü müəyyən edilir)
- Ətraflı qan analizi aparılır. (qanda kalsiumun artmasına səbəb olan paratiroid və tiroid vəzindən ifraz olunan hormon səviyyələrinin ölçülməsi, kalsium, fosfat, sidik turşusu kimi parametrlər qiymətləndirilir)
- Bir gün ərzində sizə izah ediləcək şəkildə sidik toplanır (24 saatlıq sidik analizi). Bu analiz ilə sidiyinizdə kalsium artıqlığı, daş əmələ gəlməsini artıran maddələrin artıqlığı, yoxsa daş əmələ gəlməsini əngəlləyici qoruyucu maddələrin çatışmazlığı olduğu müəyyən edilir.
Bütün bu qiymətləndirmələr nəticəsində daş əmələ gəlmə səbəbi müəyyən edilir və bir daha yaranmaması üçün bir sıra tədbirlər görülür.
Böyrək daşı müalicəsində ilk və əsas məqsəd daşın əmələ gəlməsinin qarşısını almaqdır. Bu səbəbdən daşın metabolik qiymətləndirilməsi olduqca vacibdir.
Daş əmələ gəlmə riskini artıran bir sıra amillər mövcuddur. Bunlar:
- Yeməklərə əlavə duz atılmamalı, gündəlik qəbul edilən duz miqdarı azaldılmalı
- Həddindən artıq heyvan mənşəli protein istehlakından çəkinməli
- Lif tərkibi yüksək olan qidaların istehlakı artırılmalı
- Gündəlik maye qəbulunuzu 2 litr sidik ifraz edəcək şəkildə tənzimləməlisiniz (Hava temperaturu və fəaliyyət vəziyyətinə görə maye ehtiyacı dəyişə bilər. Bu səbəbdən gündəlik 2 litr sidik çıxışını təmin edəcək səviyyədə maye qəbul edilməlidir) kimi sıralana bilər.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.