Böyrək daşlarından özümüzü necə qoruyaq?

Məqalədə olanlar

Böyrək daşları mütləq müalicə olunmalıdır. Kişilərin 12%-i, qadınların isə 6%-də rast gəlinən böyrək daşları şiddətli ağrılara səbəb olur. Oturaq həyat tərzi, qeyri-sağlam yemək vərdişləri, az su içmək, iqlim və coğrafi şərtlər, peşə risk faktorları, həddindən artıq duz qəbulu, ailəsində daş xəstəliyi olan insanlar, yüksək proteinli qidalarla qidalanmaq və piylənmə ən əhəmiyyətli səbəblər arasındadır. 

Böyrək daşları müalicə olunmazsa, böyrək funksiyalarının daimi itirilməsinə gətirib çıxara bilər.

Böyrək daşlarına qarşı nə edə bilərik?

  • Bol su için: Gündəlik qəbul ediləcək mayenin miqdarı iqlimə və insana görə dəyişir. Böyrəklərdən xaric edilən suyun miqdarının artması daş əmələ gəlməsinə səbəb olan kristalların bədəndən çıxarılmasına şərait yaradır. İçilən suyun miqdarı sidik ifrazına görə tənzimlənməlidir. Böyrək daşı əmələ gəlmə riski yüksək olan xəstələr gündə orta hesabla 2 litr sidik çıxarmaq üçün su içməlidirlər. Bundan əlavə, içilməli olan su həcmi bir anda deyil, gün ərzində içilməlidir. 
  • Duzu həyatınızdan çıxarın. Sağlam bir insanın gündəlik duz ehtiyacı 5 qramdır. Həddindən artıq duz istehlakı böyrəkdən kalsium və oksalatın atılmasını artırır, böyrək daşlarının əmələ gəlməsini sürətləndirir. Gündəlik duz ehtiyacı qida və ya su ilə kifayət qədər qəbul edilir. Əlavə duz istehlakı böyrək daşlarının əmələ gəlməsi riskini artırır. Bu səbəbdən qidalara əlavə duz əlavə edilməməlidir. 
  • Çəki nəzarətinə diqqət yetirin. Piylənmə böyrək daşı əmələ gəlməsi riskini artıran ən mühüm faktorlardan biridir. 
  • Protein tərkibli qidalara diqqət yetirin. Tərkibində heyvan zülalı olan qidalar əvəzinə bitki tərkibli zülal məsləhət görülür. Qırmızı ət və toyuq kimi heyvan mənşəli qidalar sitrat miqdarını azaltmaqla böyrək daşı əmələ gəlməsi riskini artırır. Bu səbəblə həddindən artıq heyvani zülal istehlakından qaçınılmalı, heyvan və bitki mənşəli protein istehlakı balanslaşdırılmalıdır.
  • Balanslaşdırılmış pəhriz. Lifli qidaların artırılması böyrək daşlarının əmələ gəlməsi riskini azaldır. Lifli qidalar qidanın bağırsaqlardan keçmə müddətini qısaltmaqla oksalatın udulmasını azaldır. Yüksək karbohidrat qəbulu böyrəklərdən kalsium ifrazını artırır, böyrək daşlarının əmələ gəlməsi riskini artırır. Tərkibində yüksək sitrat olan təzə sıxılmış portağal suyu və evdə hazırlanmış limonad böyrək daşının əmələ gəlməsinin qarşısını alır.

Böyrəkdə daş əmələ gəlməsinə səbəb olan ən mühüm maddələrdən biri oksalatdır. Oksalat ispanaq, çuğundur, pazı, yaşıl lobya, pomidor, kartof, qarğıdalı, cəfəri, şüyüd, qırmızı gavalı, çiyələk, böyürtkən, əncir, moruq, badam, qoz, fıstıq, fındıq, küncüt, xardal, soya, kakao, şokolad, çay və qəhvədə olur.

Yüksək oksalat tərkibli qidalardan qaçınmaq daş əmələ gəlməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Həddindən artıq spirt istehlakı böyrəklərdən kalsiumun xaric edilməsini və qanda sidik turşusunun miqdarını artırır, beləliklə böyrək daşlarının əmələ gəlməsini artırır. 

Paylaşmaq :