Sidik axarı daşı

01 Yanvar 2021
  • Sidik axarı daşı nədir?

  • Sidik axarı daşları niyə təcilidir?

  • Sidik axarı daşının simptomları nələrdir?

  • Sidik axarı daşının diaqnozunda hansı metodlardan istifadə olunur?

  • Sidik axarı daşları necə müalicə olunur ?

  • Ureterolitotripsiya (URS) əməliyyatı nədir?

  • URS əməliyyatı sonrasında nəyə diqqət edilməlidir?

  • Ureterolitotripsiya əməliyyatının üstünlükləri nələrdir?

 

Sidik axarı daşı nədir?

 

Sidik axarı böyrəkdə əmələ gələn sidiyi sidik kisəsinə daşıyan, təqribən 25-30 cm uzunluğunda olan boru şəklində bir kanaldır. Quruluşundakı düz və dairəvi əzələ lifləri sayəsində peristaltik hərəkətlər (dalğa hərəkəti) edərək sidiyi sidik kisəsinə göndərir. Sidik axarı daşı çox zaman böyrəkdə olan kiçik daşların yer dəyişdirib sidik axarına düşməsi və orada taxılaraq qalması ilə ortaya çıxır. Ara-ara gələn və şiddətli olan ağrının səbəbi də peristaltik ( dalğavari ) hərəkətlərdir (Kolik ağrı).

 

Sidik axarının quruluşuna baxdığımız zaman anatomik olaraq üç ədəd dar olan hissə vardır. Bu darlıqlar daş düşürən xəstələrdə əhəmiyyətlidir. Çünkü axara düşmüş daş çox zaman bu darlıqlarda taxılaraq qalır.

 

Sidik axarına düşən daşın  axarda tıxanıqlıq əmələ gətirməsi nəticəsində sidiyin böyrəkdən sidik kisəsinə axımı çətinləşir və böyrəkdə sidik yığılaraq genişlənmə, böyrək içərisində təzyiq artışı və şiddətli ağrılar əmələ gəlir.

Sonrakı dövrdə böyrək sidik istəhsalını dayandırdıqda və böyrək içərisindəki təzyiq müxtəlif mexanizmlərlə azaldıqca ağrı rahatlaşa bilər. Bu dövrdə ağrının dayandırılması səbəbindən daşı düşürdüklərini  və nəzarət üçün gəlməyən  xəstələrdə geri dönməz zərərlər və hətta böyrək itkisi baş vərə bilər. Bu səbəblə ağrının kəsilməsi xəstələri yanıltmamalıdır.

Böyrəyin özünü bərpa edən bir orqan olmadığını da xatırlamaq lazımdır.

 

Sidik axarı daşları niyə təcilidir?

 

Sidik axarı daşları 3 səbəblə təcilidir. Birincisi sidik axımına əngəl olur. Həm sidik axarının üst hissəsi həm də böyrəkdə genişlənmə əmələ gətirərək böyrək çatışmamazlığına gətirib çıxara bilər.

 

İkincisi sidik yollarında tıxanıqlığa səbəb olaraq infeksiya əmələ gələ bilər və bu da pıyelonefrit əmələ gətirərək böyrəyə zərər vərə bilər. Üçüncüsü isə şiddətli ağrı ola bilər və bu ağrılara dözmək mümkün olmaya bilər.

 

Sidik axarı daşının simptomları nələrdir?

 

  • Sidik axarı daşına aid ən əhəmiyyətli simptom ani olaraq ortaya çıxan şiddətli yan ağrısıdır. Ağrının şiddəti xəstələr arasında fərqlilik göstərə bilər.
  • Çox vaxt bu ağrı ilə birlikdə bulantı və qusma da ola bilir.
  • Bəzi xəstələrdə sidikdə gözlə görülən qanama da ola bilər.
  • Sidik axarına düşən daşlar axarın alt ucuna çatana qədər şiddətli ağrı etməyə də bilər.
  • Daş axarın sidik kisəsinə açılan hissəsinə gəldiyi zaman sidik kisəsinin əzələləri daşı atmaq üçün sıxılmağa başlayır və ‘’ tez-tez sidiyə çıxma hissi ‘’ ortaya çıxabilir.
  • Ancaq bütün bunlara baxmayaraq bəzi xəstələrdə heç bir simptom olmadan da təsadüfən sidik axarında daş görülə bilər.

  

Sidik axarı daşının diaqnozunda hansı metodlar istifadə olunur?

 

  • Diaqnoz qoymaq üçün ilk növbədə keçirdiyi xəstəliklər, əməliyyatlar, mövcud əlavə xəstəliklər daxil olmaqla anamnez alınır və ətraflı bir fiziki müayinə aparılır. Fiziki müayinədə daşın olduğu yana vurduqda şiddətli ağrı ola bilər. Sonra simptomlara görə sidik – qan analizi, ultrasəs, rentgen və kompüter tomoqrafiya kimi testlər aparılır.
  • Bütün bu analizlərin nəticəsində sidik axarı daşı diaqnozu qoyulur. Sidik analizində qanaxma və ya infeksiya olması daş xəstəliyinə dair ipuçlarını verir. Daşların yarısından çoxunu rentgenoqramda görmək olur.
  • Ultrasəs muayinə sidik axarının alt və üst hissəsindəki daşları görə bilər amma orta sidik axarındakı daşları göstərməz. Ən dəqiq görüntüləmə metodu Kontrastız Kompüter Tomoqrafiyasıdır. Daşların yerini, ölçüsünü, sərtliyini və.s göstərir.

 

Sidik axarı daşları nəcə müalicə olunur ?

 

  • Sidik axarı daşlarının müalicəsində ən əhəmiyyətli göstərici daşın böyüklüyüdür. Xəstələr 5mm’dən kiçik olan daşların əksəriyyətini dərman müalicəsi ilə düşürür. Əgər 5-10mm daş mövcuddursa bu daşların müalicə ilə düşmə ehtimalı 40-50 % – dir. Müalicə ilə keçməyən şiddətli ağrı, temperatur və s. şikayətlər yoxdursa 1 ay müddətincə bu xəstələr təqib edilməli düşürülməyən daşlara müdaxilə olunmalıdır.
  • 1cm’dən daha böyük daşların düşmə ehtimalı 1%-dir. Bu səbəblə çox zaman itirmədən müdaxilə məsləhət görürük.
  • Daşların böyüklüyündən başqa yeri və sərtliyi də müdaxilə metodunu seçərkən əhəmiyyətli rol oynayır. Sidik axarının üst seqməntində olan və sərtliyi az olan daşlara əks göstəriş yoxdursa ilk seçiləcək metod Şok Dalğa Litotripsiyasıdır (ŞDL). Sərt daşlara, orta və alt sidik axarı daşlarında isə Ureterolitotripsiya əməliyyatı (Lazer ilə daşların parçalanması) məsləhət görülür.

 

 Ureterolitotripsiya (URS) əməliyyatı nədir?

 

  • URS ən sadə dəyişlə sidik axarının optik kamera vasitəsi ilə görüntülənməsidir. İki növü istifadə olunur. Semi-rijid (az büküləbilən) və Fleksible (qıvrılabilən) URS. Alt və orta sidik axarı daşların semi-rijid , üst sidik axarı və böyrək daşlarında isə daha çox Fleksible URS istifadə olunur. Sidik axarına URS ilə girilərək görülən daş, törəmə və s. lazer, pnomotik və ya ultrasonik. qırıcılarıyla tamamilə parçalanır. Nisbətən daha böyük parçalar basket və ya ikili forceps adlanan daş tutma alətləriylə tutularaq vücuddan çölə çıxarılır. Daşın böyüklüyü, əməliyyatdakı vəziyyətə görə sidik axarına J-J stent adlanan iki ucu açıq boru sidik axarına qoyula bilər.

 

URS əməliyyatı sonrasında nəyə diqqət edilməlidir?

 

  • Xəstələrin əksəriyyəti əməliyyatdan 12-24 saat sonra əvə yazılır.
  • Əməliyyat sonrası şiddətli ağrı olmaz, J-J stent taxılan xəstələrdə tez-tez sidiyə çıxma, sidiyə gedərkən yanma, sidikdə qanama kimi şikayətlər görülə bilər.
  • J-J stent taxılan xəstələr mütləq uroloquna kontrola gəlməli və 2 – 6 həftə içərisində J-J stent çıxarılmalıdır

 

Sidik axarı daşlarında açıq və ya laparoskopik əməliyyatlar nadirən də olsa istifadə olunur.

 

Ureterolitotripsiya əməliyyatının üstünlükləri nələrdir?

 

  • Heç bir kəsik olmadan, tamamilə qapalı olaraq icra olunur.
  • Bu sayədə xəstənin həyat keyfiyyətində ciddi azalma müşahidə olunmaz, 12-24 saat sonra evə yazıla bilir.
  • İş və sosyal həyatına ən qısa müddətdə dönə bilir.
  • Əməliyyatın başarı ehtimalı (daşsızlıq) çox yüksəkdir (98-100 %)
Müəllif

Uzm. Dr. Emin Məmmədov

Uroloq androloq

Uroloq androloq Dr. Emin Məmmədov Urologiya və Andrologiya sahələri üzrə bütün növ patalogiyaların ən müasir tibbi protokollarla cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız