Perkütan nefrolitotomiya

07 İyun 2020

Perkütan Nefrolitotomiya nədir?

Hansı xəstələr Perkütan nefrolitotomiya əməliyyatı olunmalıdır? Hər böyrək daşı olan xəstəyə bu əməliyyat icra oluna bilərmi?

Perkütan nefrolitotomiya əməliyyatının riskləri nələrdir?

Perkütan Nefrolitotomiya əməliyyatından əvvəl nələrə diqqət edilməlidir ?

Perkütan nefrolitotomiya əməliyyatı necə icra olunur?

MiniPerkütan (miniperc) Nefrolitotomiya, ultraminiperc və mikroperkütan əməliyyatları nədir? Standart perkütana üstünlükləri nələrdir?

Perkütan nefrolitotomiya əməliyyatı sonrası müalicə necə aparılır?

 

 

Perkütan Nefrolitotomiya nədir?

 

Bu əməliyyatın tərcüməsi perkütan – dəridən keçərək, nefrolitotomi – daş çıxarılmasıdır. Yəni dəridən kiçik bir deşikdən böyrəyə girərək kamera vasitəsi ilə daşlar parçalanaraq çıxarılır. Bu əməliyyat icra olunmağa başlandıqdan sonra dünya praktikasında  və ölkəmizdə artıq açıq böyrək daşı əməliyyatı çox nadirən icra olunur. Bəzi mərkəzlərdə cihaz əksikliyi və/ vəya təcrübə azlığından hələ də açıq əməliyyat olunmaqdadır.

 

Hansı xəstələr Perkütan nefrolitotomiya əməliyyatı olunmalıdır? Hər böyrək daşı olan xəstəyə bu əməliyyat icra oluna bilərmi?

 

 

Hər daş xəstəsi ayrı olaraq muayinə edilib, əməliyyatı planlanmalıdır. 2cm və daha böyük daşı olan xəstələrdə icra olunur. Kiçik daşlarda Flexible URS, ESWL kimi digər metodlardan istifadə edirik (Böyrək daşları mövzusunda daha ətraflı yazılmışdır).

Hamilələr, sidik yolu infeksiyası olan xəstələr və böyrəkdə törəməsi olanlarda bu əməliyyat icra oluna bilməz. Qan durulaşdırıcı dərman istifadə edən xəstələrdə əməliyyatdan əvvəl digər həkimlərin də məsləhəti alınaraq qan durulaşdırıcı dərman ehtiyyatla dayandırılır və əməliyyat sonrası qanama kontrol altına alındıqdan sonra başlanır.

Bu əməliyyat hər yaş qrupundakı insanlara icra oluna bilər.

 

 

Perkütan nefrolitotomiya əməliyyatının riskləri nələrdir?

 

Bu əməliyyat daş mövzusunda təcrübəli cərrahlar tərəfindən icra olunduğunda riskləri çox azdır. Daşa olunacaq müdaxiləni əvvəlcədən planlamaq və əməliyyatxanada yüksək texnologiyalı cihazların olması əməliyyatın başarısını artırır və riskləri ciddi miqdarda azaldır. Bunlara baxmayaraq sidik yolu infeksiyası, qanaxma (2% xəstədə qan köçürülməsinə ehtiyac ola bilər), tromboemboliya (1%), ciddi böyrək yaralanması (0.5%), qonşu orqan yaralanması (dalaq, qaraciyər, ağciyər, bağırsaq) ola bilər. Sidikdə qanaxma uzun müddət davam etdiyi zaman arteriovenöz fistül ehtimalı ola bilər və xəstə mütləq bu səbəblə araşdırılmalıdır.

 

Perkütan Nefrolitotomiya əməliyyatından əvvəl nələrə diqqət edilməlidir?

 

Əməliyyat öncəsi xəstələrə mütləq kompüter tomoqrafiyası çəkilir və əməliyyat texnikası ona görə planlanır. Sidiyin ümumi analizi, kultuvasiyası və digər əməliyyat önü analizlərə baxılır. Əməliyyatdan 6-8 saat əvvəl su və qida qəbulu mütləq dayandırılmalı, təzyiq və digər dərmanları az su ilə qəbul etmelidir. Aspirin , coumadin,warfarin və digər bütün qan durulaşdırıcı dərmanlar isə həkimi ilə məsləhətləşib 1 həftə öncədən dayandırılmalıdır.

 

Perkütan nefrolitotomiya əməliyyatı necə icra olunur?

 

Əməliyyat ümumi narkoz altında icra olunur. Əvvəlcə xəstənin sidik kanalından girilərək böyrəyə qədər uzanan incə bir boru taxılır. Sonra xəstə üzü üstə çevrilərək, rentgen və ya ultrasəs cihazı ilə böyrəyə əvvəlcə iynə ilə sonra 1cm genişliyində boru vasitəsi ilə girilir. Nefroskop adlanan kamera vasitəsi ilə daş görüldükdən sonra parçalanaraq borunun içərisindən çıxarılır. Böyrək daşdan tamamilə təmizləndikdən sonra böyrəyə incə bir kateter qoyulur və 24-48 saat sonra çıxarılır. Əməliyyat müddəti daşın ölçüsü, sərtliyi və digər səbəblərə görə 1.5-3 saat çəkə bilir.

 

MiniPerkütan (miniperc) Nefrolitotomiya, ultraminiperc və mikroperkütan əməliyyatları nədir? Standart perkütana üstünlükləri nələrdir?

 

Böyrəkdə deşik açaraq böyrəyə qoyulan borunun diametri standart perkütan əməliyyatında 1 cm’dir. Miniperc və digər metodlarda isə bu boru çox incədir. Bələliklə, əməliyyat zamanı qanaxma və digər risklər standart perkütan əməliyyatına görə çox az görülür. Amma məqsəd ən qısa zamanda xəstəni ən az zərərlə tamamilə daşdan təmizləmək olduğuna görə çox böyük daşlarda istifadə olunması düzgün dəyil. 3cm’ə qədər olan daşlarda miniperk və ya ultramini perkütan əməliyyatı olunması məsləhətdir.

Əməliyyat zamanı istifadə olunan cihazların qalınlığı bələdir :

 

Standard Perkütan : 24-30 Fr (8-10mm)

MiniPerkütan : 18-24 Fr (6-8mm)

Ultramini : 12-15 Fr (4-5mm)

Mikroperk : 4.8-8 Fr (1.5-3mm)

 

Perkütan nefrolitotomiya əməliyyatı sonrası müalicə necə aparılır?

 

Xəstə evə yazıldığı zaman profilaktik antibiyotik və ağrı vəziyyətinə görə ağrıkəsici dərman təyin olunur. Əməliyyat sonrası ilk həftə evdə istirahət etməli,  2-3 həftə ağır fiziki işdən qaçınmalıdır.  Əməliyyat zamanı çıxarılan daşlar analizə göndərilir. Daşın təkrarlama ehtimalını azaltmaq üçün daş növünə görə diet və dərman müalicəsi planlanır.

 

 

Müəllif

Uzm. Dr. Emin Məmmədov

Uroloq androloq

Uroloq androloq Dr. Emin Məmmədov Urologiya və Andrologiya sahələri üzrə bütün növ patalogiyaların ən müasir tibbi protokollarla cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.
Bu yazını yaxınlarınızla paylaşın
Digər əməliyyatlarımız